“Azərbaycan mənim üçün travmalardan ibarətdir”

İllustrasiyanın müəllifi: Ben Vaysmen (New Yorker)
İllustrasiyanın müəllifi: Ben Vaysmen (New Yorker)

Lili Nazarov bir neçə müddətdir ki, bir ölkədən o biri ölkəyə keçir, Azərbaycan vətəndaşlarından viza tələb etməyən ölkələrdə yaşayış müddəti bitənə qədər yerləşir.

O,  ilk olaraq Türkiyədə yaşamağı sınayıb və 3 ay orada qalıb. Lakin homofobiya ilə üzləşdiyi üçün özünü rahat hiss etməyib və Türkiyəni tərk edərək Ukraynaya gedib. Orada isə görünüşünə görə ölkəyə girişinə icazə verilməyib və bir gün hava limanında saxlanıldıqdan sonra geri göndərilib.

22 yaşlı Nazarovu bu sayda ölkə dəyişməyə vadar edən səbəb isə görünüşü və cinsi oriyentasiyasına görə Azərbaycanda üzləşdiyi problemlərdir. O, viza üçün geri dönmək şərti olmasa, heç vaxt Azərbaycana qayıtmaq istəmədiyini deyir.

“Azərbaycan mənim üçün travmalardan ibarətdir. Şəhərin mərkəzində insanlar mənə söz atır və şəxsi sosial media hesablarıma təhqirlər yazırdılar”, Lili deyir və onu da qeyd edir ki, ailəsində də vəziyyət fərqli olmadığı üçün gündəlik problemlərə qarşılaşıb. 

Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibə zamanı Nazarov yazdığı sülh çağırışlı postlara görə Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb və ondan postları silməsi istənilib. Elə həmin gün iki illik sevgilisi də ondan ayrılıb. Bundan sonra o, ölkəni tərk etmək qərarına gəlib.

“Eyni gündə bu hadisələr üst-üstə gəldi. Sanki həyatımın məhv olduğu gün idi. Həmin an düşündüm ki, ölkədə qalsam, intihar edəcəyəm”, – Lili bildirir.

Nazarov 2018-ci ildən LGBTIQ+ və qadın hüquqları fəalıdır, məqalələr yazır, araşdırmalar aparır və eyni zamanda qraffiti sənəti ilə də məşğul olur. İndi, o, bir müddətdir ki, viza tələb etməyən Balkan ölkələrində köçəri həyat sürür və deyir ki, qeyri-stabil həyat tərzi onun üçün çox çətindir.

“Azərbaycanda yaradıcılıq fəaliyyətimi açıq şəkildə yerinə yetirə bilmirdim. Balkan regionunda da insan hüquqları ilə bağlı problemlər var. Bu yaxınlarda eşitdim ki, eynicinsli münasibət leqallaşır. 10 ilə yaxındır ki, paradlar keçirirlər və onların rahat toplaşmaq azadlıqları var. Azərbaycanda bu yoxdur”, – deyən Nazarov əlavə edir ki, Balkan ölkələrində incəsənətə dəyər verilir və o da sənəti ilə açıq mesajlar verə bilir.

“İnsan hüquqları aktivistlərinə hörmət böyükdür. Dövlət orqanları da buna açıqdır… Əslində, mən bunları Azərbaycandan gözləyirdim, lakin təəssüf ki, olmadı”. 

Azərbaycanı tərk edən LGBTIQ+larla bağlı rəsmi statistika yoxdur. “Nəfəs LGBT+ Azərbaycan Alyansı”nın nümayəndəsi bu mövzu ilə bağlı monitorinq aparmadıqları üçün onlarda da rəsmi rəqəm olmadığını deyib.

Amerikada yerləşən hüquq firması “I.S. Law Firm”-in 2019-cu ildə dərc etdiyi hesabatda qeyd olunub ki, son illər ərzində ABŞ-da sığınacaq almaq üçün Azərbaycandan müraciət edənlər arasında LGBTIQ+lar da olub.

Xüsusilə də müraciətlərin sayı 2017-ci ildə Azərbaycan hökumətinin  LGBTIQ+lara qarşı keçirdiyi reydlərdən sonra dramatik şəkildə artıb.

Beynəlxalq təşkilatların hesabatlarında isə Azərbaycanda LGBTIQ+ların hüquqlarının hələ də pozulduğu və onlara qarşı hücumların davam etdiyi göstərilir. 

Bu ilin iyul ayında “ILGA-Europe” təşkilatı ilə yanaşı daha 3 beynəlxalq təşkilat Azərbaycana LGTBİQ+lara qarşı sənədləşdirilmiş hücumlarla bağlı müraciət ünvanlayıb. Müraciətdə onlar Azərbaycan hökumətini hücumları araşdırmağı və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Eyni zamanda təşkilat 2021-ci ilin May ayında dərc etdiyi hesabatda da göstərib ki, ötən il olduğu kimi bu il də Azərbaycanda LGTBİQ+ların hüquqları pozulub və ayrı-seçkiliyə məruz qalıblar. Eyni zamanda Azərbaycan göy qurşağı xəritəsində də ən sonuncu pillədə yer tutub. 

2017-ci ildə keçirilən reyd zamanı psixoloji və fiziki təzyiqlərlə üzləşənlərdən biri də 28 yaşlı transgender Leyladır. O, rəfiqəsiylə restoranda oturduğu zaman saxlanıldığını və zorla polis bölməsinə aparılaraq təzyiqlə üzləşdiyini deyir.

Üzləşdiyi təzyiqlərdən sonra o, ölkəni tərk etmək qərarına gəlib və hazırda həyatını müxətlif ölkələrdə yaşamaqla keçirir.

“Onlar (polislər) əşyalarımızı alanda gördüm ki, içəridə məcburi şəkildə bütün transgenderlərin bir-bir saçlarını qırxırlar. Saçımızı qırxmadan öncə bizi məcburi soyundururdular”, Leyla həmin vaxt polis bölməsində başına gələn hadisələri xatırlayır və deyir ki, onlara çox ağır təhqirlər və söyüşlər ünvanlanıb, üstəlik işgəncə aləti kimi elektroşokdan istifadə edilib.

“İndi fərqli ölkələrdə təhlükəli şərtlər altında seks işçisi kimi fəaliyyət göstərirəm. Öz təhlükəsizliyimdən narahatam və qorxu içində yaşayıram”, – Leyla deyir.

Müəllif: Sevgi İsmayılbəyli

Məqalə Jamnews ilə QueeRadar platformasının əməkdaşlığı çərçivəsində hazırlanıb.


20/09/2021
İllustrasiyanın müəllifi: Ben Vaysmen (New Yorker)

“Azərbaycan mənim üçün travmalardan ibarətdir”

“Azərbaycan mənim üçün travmalardan ibarətdir” İllustrasiyanın müəllifi: Ben Vaysmen (New Yorker) Lili Nazarov bir neçə müddətdir ki, bir ölkədən o biri ölkəyə keçir, Azərbaycan vətəndaşlarından viza […]
09/09/2021

İş hüquqları pozulan LGBTİQ+lar

İş hüquqları pozulan LGBTİQ+lar Keçən ilin payızında 22 yaşlı Pərviz Abdullayev saçlarını boyadığı və sırğa taxdığı üçün təzyiqlərə məruz qalaraq işdən çıxarılıb. Səbəb kimi isə ona […]