Pandemiya ili LGBTİQ+lər üçün necə keçdi?​

Qdansk, Polşa | Foto: Reuters

Aparılan tədqiqatlara əsasən, dünya üzrə LGBTİQ+lər pandemiya qarşısında daha həssas vəziyyətə düşüblər. Belə ki, pre-pandemiya dövründə sosial və iqtisadi iyerarxik münasibətlər böhran dövründə mövcud bərabərsizliklərin arealını daha da böyüdüb.

LGBTİQ+lərin xüsusi karantin rejimində problemlərlə üzləşdiyi sahələr əsasən ailə, iş həyatı, təhsil, səhiyyə, sığınacaq, hüquq və psixoloji vəziyyətdir.

Məsələn, 25 yaşlı Devran İbrahimsoy 2020-ci ilin əvvəlinədək klubda ofisiant işləyib maddi gəlirini təmin edirdi, hazırda isə işsizdir, işsiz olduğu üçün gəlirsizdir, pulsuz olduğu üçün də Bakıda ev kirayəsini ödəmək imkanından məhrum qalıb. Cəmiyyətdən gördüyü transfobik münasibətə görə Tibb Universitetində təhsili yarımçıq qalan Devran iş yeri bağlandıqdan sonra Şəmkirə – ailəsinin yanına qayıtmalı olub. Ailəsi bir müddət əvvəl Devrana fiziki təzyiq göstərsə də, hazırda ona qarşı ancaq görünüşü, geyimi, saç düzümü ilə bağlı psixoloji təzyiqlərə davam edir.

“Dostlarım maddi ehtiyaclarımı qarşılamaq üçün mənə çox kömək oldu. Ailəmdən gözlədiyim isə əsas maddi yox, mənəvi dəstək idi. “Yanındaydıq” desəydilər, işsiz qalmağım məni bu qədər narahat etməzdi”, Devran bildirir.

Devran İbrahimsoy | Foto: şəxsi arxiv

“2020-ci il maddi baxımdan çətinlik yaratdı, məni işsiz qoydu və ailəmdən asılı vəziyyətə düşdüm. Maddi çətinlik mənə fiziki ziyan da vurdu. Qəbul etməli olduğum hormonal dərmanları vaxtında almamaq fiziki sağlamlığıma ziyan vurur”, o əlavə edir.

İşəgötürmə zamanı onsuz da ayrı-seçkiliyə məruz qalan translar pandemiya nəticəsində alternativsiz qalıblar. Devran deyir ki, müraciət etdiyi və əmək müqaviləsinin imzalandığı iş yerlərində şəxsiyyət vəsiqəsinə baxan kimi işə götürənlər dərhal fikirlərini dəyişirlər.

 

Hüquq müdafiəçilərinin həyəcan siqnalı

 

Bir çox beynəlxalq təşkilat COVID-19 pandemiyası dövründə LGBTİQ+lərin risk qrupunda olduğunu bildirib və müalicəyə, tibbi sığortaya çıxışının çətinliyi barədə bəyanatlar və açıqlamalar dərc edib. Xüsusi vurğulanan daha bir risk isə LGBTİQ+lərin dəstək görmədikləri ailə üzvləri ilə birlikdə yaşamağa məcbur olması, maddi çətinlik kimi problemləridir. Eyni zamanda həmin bəyanatların demək olar ki, hamısında ölkələrə, onların hökumətlərinə bu problemlərin həlli ilə bağlı çağırışlar edilib.

Avropa Şurasının yaydığı hüquq müdafiə ekspertlərinin birgə bəyanatında deyilir ki, LGBTIQ+ yeniyetmələr və gənclərin onları qəbul etməyən ailələri ilə birlikdə yaşamağa məcbur olması ailədaxili zorakılıq hallarını artırır, eyni zamanda onların fiziki və mənəvi sağlamlığına ziyan vurur.

İLGA-Avropa təşkilatı BMT İnsan Haqları Şurasının diqqətini hazırkı vəziyyyətə yönəltmək üçün 187 təşkilatla birlikdə koalisiya yaradıb. Birgə yayımlanan bəyanatda deyilir ki, pandemiya mövcud ayrıseçkiliyi, zorakılığı və digər hüquq pozuntularını dərinləşdirir.

 

LGBTİQ+lər üçün vəziyyət hər mənada gərgindir

 

ILGA-nın hesabatında son 5 ildir Azərbaycan Avropada LGBTIQ+lərin yaşaması üçün ən pis ölkələr sırasında yer alır. Yerli qanunvericiliyə əsasən eynicinsli münasibət kriminal hesab olunmur, amma hesabatda o da vurğulanır ki, bu, heç də ölkədə LGBTIQ+in azad və rahat olmağı demək deyil.

QueeRadar platforması Azərbaycanda pandemiyanın ilk dalğasında LGBTİQ+lərin psixoloji, sosial və iqtisadi problemlərini öyrənmək üçün sorğu keçirib. Sorğu nəticəsindən aydın olub ki, kuirlər üçün vəziyyət hər mənada gərgindir.

QueeRadar təmsilcisi Leyla Həsənova deyir ki, karantin şərtlərindən irəli gələn problemlər LGBTİQ+lərin psixologiyasını kəskin təsirə məruz qoyub. Çünki karantin periodu ailəsi tərəfindən təzyiqə məruz qalan LGBTIQ+lərin işsizliyə görə ailə yanına qayıtmasına səbəb olub. Bu isə öz növbəsində təzyiq altında yaşayan LGBTIQ+lər üçün problem yaradıb. Ümumilikdə isə karantin periodunda LGBTIQ+lərin hüquqlarının təmin edilməməsi halları da olub və onlara bu pozuntular hüquq-mühafizə orqanları tərəfindən laqeydliklə qarşılanıb.

“Karantin periodunda (iyun-iyul ayında) 5 trans qadına hücum olunub. Onlardan biri öldürülüb və qatili hələ də tapılmayıb. Təzyiqə məruz qalmamaq üçün cinsi orientasiya, cinsi kimliyini gizli tutmaq da onları asanlıqla şantaj hədəfinə çevirir. Beləcə, LGBTİQ+nin şəxsi həyatının məxfiliyi də pozulmaqdadır”, Leyla Həsənova əlavə edir

QueeRadar təmsilçisi Leyla Həsənova | Foto: akinchi.org

İşsizlik, evsizlik…

Aydan 2020-ci ildə həm maddi problemlər, həm də sırf trans qadın olduğu üçün ətrafdakı insanların təzyiqi nəticəsində ipoteka krediti ilə aldığı evi satmaq məcburiyyətində qalıb.

“Mən həmin evə ayda 1000 AZN pul ödəyirdim və o evi almaq üçün hər gün həyati təhlükəm ola-ola çalışıb pul yığmışdım, amma təzyiqlər nəticəsində Yeni Yasamalda olan evi satmalı oldum. Evin elektrik enerjisi kəsildi və mən nə qədər şikayət etsəm də buna fikir verən olmadı”.

Aydan 2020-ci ilin sentyabrında Ombudsman Aparatı qarşısında etiraz aksiyası etdikdən sonra onun şikayətinə baxılacağı bildirilmişdi. Buna baxmayaraq, qonşuların, binanın komendantının da təzyiqlərinə tab gətirə bilməyib, evini satmalı olub. 

“İndi məcbur kirayədə qalıram, amma yenə də təzyiqlərə görə dəfələrlə yaşadığım ünvanı dəyişməli oluram. Çünki qonşular və polis evin yiyəsinə təzyiq edir. Mən də ona problem yaratmamaq üçün evdən çıxıram. Axırıncı dəfə polis koronavirusa görə qeydiyyat aparılır adı ilə evimə gəldi, suallar verdi, ev yiyəsinin əlaqə nömrəsini istədi, sənədlərimə baxandan sonra trans olduğumu bildi və getdi. Nəinki binada, ümumiyyətlə, məhəllədə məndən başqa heç kimdə oxşar yoxlama olmamışdı. Bundan sonra ev yiyəsinə də təzyiq edildi və mən də evdən çıxdım”.

Aydanın pandemiya dövründə dövlətdən yeganə dəstəyi bir neçə dəfə 190 AZN sosial yardım almağı olub. Ailəsi də ona qismən də olsa, yardım edib.

“Mən adətən çölə çıxan deyiləm, çünki adamlar qəribə baxır, söz atır, narahat edir, amma klublar var idi ki, gedib vaxt keçirirdik, dincəlib əylənirdik, indi təəssüf ki, onlar da yoxdur və mən bütün gün evdə oluram. 3 saatlıq SMS icazə ilə də heç nə etmək olmur. Əvvəllər isə seks işçisi kimi çalışırdım deyə pulum olurdu, həm də əylənə bilirdim”, Aydan əlavə edir.

21 yaşlı  Aysu isə heç 190 manatı da ala bilməyib. O, karantinə qədər seks işçisi kimi öz dolanışığını təmin edirmiş.

“Bir müddət əvvəl bıçaqlanmışam, bu barədə şikayət etdim, iki həftə əvvəl istintaq bitib və məhkəməyə göndərilib. Amma mənim ərizəm dəyişdirildi. Ərizədə yazılıb ki, mən qarşı tərəflə cinsi əlaqədə olmaq istəmişəm, o buna etiraz edib və nəticədə bıçaqlanma olub, amma əslində biz cinsi əlaqədə olmuşuq”. 

Trans olduğu üçün bu cür təzyiq nəticəsində dəyişdirilmiş ərizəyə imza atdığını deyən Aysu bildirir ki, buna baxmayaraq, məhkəmədə hər şeyi əslində olduğu kimi danışacaq.

Braziliya, Sao Paulo. 3 iyun, 2018 | Foto: Nelson Antoine/AP Photo

Sosial xidmətlərdə heteronormativlik

Gender fəalları dövlətin sosial xidmət sahəsinin heteronormativ əsaslarla təşkil olunduğunu bildirir. Bu isə trans vətəndaşların işsizlik, evsizlik, qidalanma, sağlamlıq kimi fundamental haqlarının pozulması kimi problemlərləbaş-başa buraxılması, “daha vacib” gündəmlərin arxasında görünməz qalması deməkdir. LGBTİQ+lərin problemlərini qabardan, hüquqlarına fokuslanan təşkilatlar və təşəbbüs qrupları isə fəaliyyətlərində davamlı olaraq maneələrlə üzləşirlər. Leyla Həsənova deyir ki, bu azsaylı hüquq müdafiəçisi və təşkilatlar müraciətlərə cavab vermək üçün məhdud resurslara malikdirlər.

“Çünki 2014-cü ildən ölkədə insan haqlarının qorunması ilə məşğul olan təşkilatların beynəlxalq fondların maliyyəsindən istifadə etmək imkanları məhdudlaşdırılıb. Bir problem də ölkədəki qadın sığınacaqları ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən qadın sığınacaqları hansısa trans qadının müraciətini qəbul edərmi? Bu sual açıqdır. Güman ki, qəbul etməz. Səbəbi isə yenə də siyasi və sosial haqların tanınmamasıdır”.

Hüquqşünas Emin Abbasovun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Komitəsi 16 noyabr 2016-cı ildə Azərbaycanın 4-cü dövrü hesabatına dair qəbul etdiyi yekun müşahidələrində (CCPR/C/AZE/CO/4) ölkədə mövcud ayrı-seçkiliyə qarşı qanunverici bazanın cinsi oriyentasiya və gender kimliyi əsasında ayrı-seçkiliyi açıq şəkildə qadağan etməməsindən narahatlığını ifadə edir.

Ölkədə insanların işə qəbulu zamanı onların gender kimliyinə görə ayrı-seçkiliyə məruz qalması da qanun pozuntusudur. Emin Abbasov deyir ki, bu növ ayrı-seçkilik Əmək Məcəlləsinə əsasən qadağandır.

Hüquqşünas Emin Abbasov | Foto: akinchi.org

“LGBTİQ+lərin başqaları ilə müqayisədə əlverişsiz, fərqli rəftara məruz qalması əsaslı və obyektiv səbəblər ilə əsaslandırılmadığı təqdirdə hüquqlarının pozulması kimi qəbul edilir”, Emin Abbasov qeyd edir.

Yerli qanunvericilik, Azərbaycanın tərəfdaş olduğu beynəlxalq sənədlər diskriminasiyanı qadağan etsə də, bu, ölkənin LGBTİQ+lərə münasibətdə keçərli deyil, hətta mütəmadi olaraq həyati təhlükə ilə üz-üzə buraxılıblar. Belə şəraitdə pandemiyanın qarşısının alınması üçün dövlət tədbirlərinin, məhdudiyyətlərin tətbiq olduğu zamanda onların həyatı ikiqat çətinləşir və problemlərini təkbaşına, yaxud da çox yaxın ətrafın köməyi ilə həll etməyə məcbur olurlar. Leyla Həsənova hesab edir ki, İstanbul Konvensiyasının qəbul edilməsi təkcə cishetero qadınların yox, eyni zamanda LGBTİQ+ların da hüquqlarını qoruya, onların üzləşdiyi problemləri aradan qaldıra bilər.

 

Məqalə Mikroskop Media və QueeRadarın əməkdaşlığı çərçivəsində hazırlanıb.

22/01/2021

Pandemiya ili LGBTİQ+lər üçün necə keçdi?

Pandemiya ili LGBTİQ+lər üçün necə keçdi?​ Qdansk, Polşa | Foto: Reuters Aparılan tədqiqatlara əsasən, dünya üzrə LGBTİQ+lər pandemiya qarşısında daha həssas vəziyyətə düşüblər. Belə ki, pre-pandemiya […]